Gürcüstan, «Avroviziya-2009» müsabiqəsində iştirakdan imtina etdi
Buna səbəb, Avropa Yayım Şurasının, Gürcüstanı təmsil edən qrupa «We don’t wanna Put in» mahnısının mətninin dəyişdirilməsini tələb etməsi olub
Gürcüstan, Moskvada keçiriləcək «Avroviziya-2009» mahnı müsabiqəsində iştirakdan imtina edib. Məlumatı jurnalistlərə müsabiqənin Gürcüstandakı layihə rəhbəri Natia Uznadze verib.
Qeyd edək ki, Gürcüstanı müsabiqədə «Stefane və 3G» qrupu təmsil etməliydi. Qrup, müsabiqədə «We don’t wanna Put in» («Biz Putini istəmirik» kimi səslənir) mahnısı ilə təmsil olunmalıydı. İfaçıların özləri də açıq şəkildə bəyan etmişdilər ki, mahnını Rusiyanın siyasətinə etiraz əlaməti olaraq seçiblər. Lakin Avropa Yayım Şurası martın 10-da qərar qəbul edib ki, Gürcüstanın «Avroviziya-2009» üçün təqdim etdiyi mahnının sözləri yarışın qaydalarına ziddir. Şura Gürcüstana mahnının adını və mətninin dəyişdirilməsini və ya müsabiqə üçün başqa mahnı seçilməsini təklif edib. Bunun üçün martın 16-nadək vaxt verilib. «Stefane və 3G» qrupu isə qərarını 5 gün əvvəldə verib və mahnının mətnində dəyişiklik etməkdən imtina edib. /ANS PRESS/
|